Əshabi-Kəhf

"Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! -demişdilər"" ("Kəhf" surəsi, 18/10).

Qurani-Kərimin on səkkizinci "Kəhf" surəsində Allah-Təala bizə Allahı inkar edən, möminlərə zülm edən zalım və allahsız hakimiyyətdən qaçaraq mağarada gizlənmiş gənclər haqqında bəhs edir. Aşağıda onların tarixini əks etdirən ayələr gətirilir:


"Yoxsa Əshabi-Kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! - demişdilər. Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq. Onlar durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik. Bizim bu camaat Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyillərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalim kim ola bilər?! "Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən nisar etsin və işinizdə sizin üçün fayda hazırlasın". Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kimsəyə isə əsla doğru yolu göstərən bir dost tapa bilməzsən! Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini astanasına uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönub qaçar, dəhşət səni bürüyərdi. Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "Nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Belə dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər verməsin! Doğrusu, onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz nicat tapa bilməzsiniz!" Onların halı ilə beləcə tanış etdik ki, Allahın vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman öz aralarında onların işi barəsində mübahisə edirlər. Dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi daha yaxşı bilir!" Onların haqqındakı mübahisədə qalib gələnlər isə: "Onların üstündə bir məscid tikəcəyik!" -dedilər.


Sanki qaranlıq yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir", - deyəcəklər. Bəziləri: "Onlar beşdir, altıncısı köpəkləridir!" - deyəcəklər. Digərləri isə: "Onlar yeddidir,  səkkizincisi köpəkləridir!" - söyləyəcəklər. De:  "Onların sayını Rəbbim daha yaxşı bilir. Bunu bilən çox azdır!" Əshabi-kəhf barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et və heç birindən onlar haqqında bir şey soruşma! Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə! Ancaq: “İnşallah deyəcəyəm!" - de. Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin" - de. Onlar mağarada üç yüz il və daha doqquz il qaldılar. De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi Öz hökmünə şərik etməz!"" ("Kəhf" surəsi, 18/9-26).


Tarixçilərin yekdil fikrinə görə, möminləri izləyən və onları mağarada gizlənməyə vadar edən qəddar hökmdar Roma imperatoru Desiy idi. Desiyin izlədiyi gənclər öz xalqını dəfələrlə xəbərdar etmişdilər ki, dinlərini satmasın və Allahın əmrlərindən yayınmasınlar. İnsanların bu haqq çağırışa biganəliyi, dözülməz zülm, imperatorun təqibləri və ölüm qorxusu gəncləri bu yerləri tərk etməyə vadar etdi. Mağara sakinlərinin dəyanəti, cəsarəti, mərdliyi və qeyrəti həm İslam, həm də xristian mənbələrində dəfələrlə təriflənib.


Tarixi sənədlərin də təsdiq etdiyi kimi, Allahın İsa peyğəmbərlə göndərdiyi və hələ insanların təhrif etmədiyi vəhyə inanan möminləri qırmağa yönəlmiş təzyiq və zorakılıq siyasəti əksər Roma imperatorları tərəfindən həyata keçirilirdi.


Belə ki, Şimal-Qərbi Anadolunun (hazırkı Türkiyənin ərazisi) romalı canişini Pliniyin (69-113-cü illər) imperator Trayana məktubunda "imperatorun heykəlinə səcdə etməkdən imtina etdiklərinə görə cəzalandırılan messianlar" (Isa peyğəmbərin davamçıları) haqqında qeyd var. Bu məktub bizim günlərimizə  çatan və İsa peyğəmbərin davamçılarına təzyiq göstərilməsini təsdiqləyən vacib orijinal sənədlərdən biridir. Məhz Allahdan üz döndərməyin və "qüdrətli imperatora" itaət etməyin tələb olunduğu bir şəraitdə gənclər bu əmri yerinə yetirməkdən imtina etdilər və belə dedilər:


"...Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik. Bizim bu camaat Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyillərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalim kim ola bilər?! ("Kəhf" surəsi, 18/14-15).


İlk xristianların gizləndiyi mağaranın yerinə dair bir neçə versiya mövcuddur. Ən çox iki şəhər ehtimal olunur - Efes və Tarsus (ikisi də hazırkı Türkiyənin ərazisində yerləşir). Praktiki olaraq bütün xristian mənbələri Efesi qeyd edir. Bir sıra müsəlman ilahiyyatçıları və Quran təfsirçiləri də xristianların fikri ilə razıdır. Digərləri isə bu yerin Efes deyil, Tarsus olduğunu sübut etməyə çalışır. Biz bu kitabda hər iki variantı nəzərdən keçirəcəyik. Müqəddəs vəhylərin bütün tədqiqatçıları və təfsirçiləri, o cümlədən xristian təfsirçiləri hadisənin 250-ci ildə Roma imperatoru Desiyin (və ya Desiananın) hakimiyyəti dövründə baş verməsi fikri ilə razılaşır.


Eynilə Neron kimi Desiy də xristianlara qarşı öz müdhiş qəddarlığı ilə "məşhurlaşdı". O, özünün qısamüddətli hakimiyyəti dövründə imperiyanın bütün sakinlərini Roma tanrılarına qurban kəsməyə məcbur edən qərar verdi, bundan əlavə, insanlar qurban kəsmələri faktını təsdiqləyən yazılı sənəd götürməli və onu səlahiyyətli şəxslərə təqdim etməli idilər. Bu qanunun yerinə yetirilməməsi ölümlə cəzalandırılırdı. Xristan mənbələrinin dəlillərinə görə, erkən xristianların böyük hissəsi daim "şəhərdən şəhərə" köçür və ya mağaralarda yaxud gizli yerlərdə gizlənirdilər ki, bütpərəst ayinindən xilas olsunlar. Çox güman ki, mağaranın sakinləri İsa peyğəmbərin məhz bu davamçılarının mömin nümayəndələri idilər.


Yeri gəlmişkən, burada bəzi xristian və müsəlman tarixçilərinin və təfsirçilərinin rəvayət şəklində söylədiyi əhəmiyyətli bir faktı qeyd etmək gərəkdir. Bu epizod zaman keçdikcə hədis söyləyənlər tərəfindən təhrif edilərək mifik elementlərlə və hər cür uydurmalarla zənginləşdirilmiş və əfsanəyə çevrilmişdir. Amma bu, yenə də tarixi fakt olaraq qalır.

 

 

Əshabi-Kəhf Efesdə yerləşir?

Mağara sakinlərinin olduqları yerə dair müxtəlif mənbələr bir çox adlar gətirirlər. Olsun ki, bunun əsas səbəbi insanların cəsarətli və qorxmaz insanların olduqları tarixi yerə yaxınlıq hiss etmək arzusunda, həmçinin güman ki, bu yerlərdəki mağaraların böyük oxşarlığındadır. Bu yerlərin hər birində mağara ibadətgahlarının (səcdə yerlərinin) olması buna aşkar sübutdur.


Məlum olduğu kimi, Efes xristianların xüsusi rəğbət bəslədiyi şəhərdir. Çünki rəvayətlərə görə, burada İsa peyğəmbərin anası Məryəmin yaşadığı ev yerləşir. Onun yaşayış evi güman edilən yer hazırda kilsəyə çevrilib. Xristianların hesab etdikləri kimi, mağara sakinləri olan ilk xristianlar məhz onlar üçün müqəddəs olan bu yerlərdə yaşayıblar. Bir sıra xristian mənbələri bu faktı olduqca qətiyyətlə iddia edir.


Bu problemi nəzərdən keçirən ən qədim mənbə Suriya rahibi Yames Saruc-un (452-ci ildə anadan olub) əsərləridir. Tanınmış ingilis tarixçisi Eduard Gibbon "Roma imperiyasının süqutu və dağılması tarixi" ("The Decline and Fall of the Roman Emrire") kitabında onun məlumatlarından istifadə edib. Rahibin qeydlərinə görə, yeddi gənc xristianı izləyən və onları mağarada gizlənməyə vadar edən hökmdar Roma imperiyasına 249-cu ildən 251-ci ilə qədər hakimlik etmiş imperator Desiy idi. Bu dövr İsa peyğəmbərin davamçılarına yönəlmiş amansız və irihəcmli təqiblərlə tanınır. Müsəlman alimlərinin fikrincə, hadisələrin baş verdiyi yer "Afesus" və ya "Afesos"dur. E.Gibbonun versiyasına görə, bütün hadisələr "Efesos"da, yəni Roma imperiyasının Anadolunun qərb sahillərində yerləşən iri liman şəhərlərindən birində cərəyan edirdi. Bu şəhərin xarabalıqları bu gün "antik Efes şəhəri" kimi tanınır.


Hakimiyyəti dövrü "gənclərin uzun yuxudan ayılması" dövrü ilə üst-üstə düşən imperatorun adı Tezusiy idi.
E.Gibbon isə iddia edir ki, bu, II Feodosi olub, ancaq bu imperator 408-450-ci illərdə hakimiyyətdə idi, bu zaman isə Roma imperiyası xristianlığı artıq qəbul etmişdi.


Bir sıra Quran təfsirlərində aşağıdakı ayəyə aydınlıq gətirilərkən deyilir ki, mağaraya giriş şimaldan idi və buna görə də içəri işıq düşmürdü. Hətta mağaranın yanından keçənlər də onun içində baş verənləri görmürdü. Quran bizə xəbər verir:


"Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir..." ("Kəhf" surəsi, 18/17).


Türk arxeoloqu Musa Baran da "Efes" əsərində bu şəhərin məhz ətrafını gənclərin gizləndiyi yer kimi qeyd edir və əlavə edir:


"250-ci ildə Efesdə yaşayan yeddi gənc bütpərəstlikdən imtina edir və xristianlığı qəbul edir. Gənclər qorunmaq üçün sığınacaq yeri axtararkən Selion (Pion) dağının şərq yamacında mağara aşkar edirlər. Bunu görən Roma əsgərləri mağaraya girişi hörürlər".
Bu gün Efesin bu xarabalıqlarının üstündə xeyli dini tikinti ucaldığı məlumdur. 1926-cı ildə bu rayonda Avstriya arxeologiya institutunun əməkdaşlarının apardığı qazıntılardan sonra məlum oldu ki, Selion (Pion) dağının şərq yamacında aşkar edilmiş xarabalıqlar V əsrin ortalarında (II Feodosinin hakimiyyəti dövründə) mağara sakinlərinin əzablı həyatının xatirəsinə tikilmiş tikintilərə aiddir.

 

Tarsus: mağara burada yerləşirdimi?

İlk xristianların gizləndiyi güman edilən daha bir yer Tarsus şəhərinin ətrafıdır. Həqiqətən, Tarsusdan şimal-qərbdə yerləşən Encilus (və ya Bencilus) dağında Qurani-Kərimdə təsvir edilənləri xatırladan mağara var.
Əksər müsəlman ilahiyyatçıları Tarsus versiyasını qızğın müdafiə edirlər. Quranın tanınmış təfsirçilərindən biri olan Ət-Təbəri "Tarixül-Ümam" əsərində işarə edir ki, gənclərin gizləndiyi mağara Tarsusun yaxınlığındakı Bencilus dağında yerləşirdi.


Quranın tanınmış təfsirçisi Məhəmməd Emin öz növbəsində bu dağı "Pencilus" adlandıraraq ondan bəhs edir. Onun fikrincə, "Pencilus" kimi səslənən söz bəzən "Encilus" kimi deyilir, o, coğrafi yerin tələffüzündəki fərqi isə "b" hərfinin sadəcə sözdən düşməsinə səbəb olan "tarixi eroziya" ilə izah edir.


Daha bir tanınmış ilahiyyatçı və Quran tədqiqatçısı Fəhruddin Ər-Razi əsərlərinin birində yazır: "Bu yeri Efsus adlandırsalar da burada Tarsus nəzərdə tutulur, çünki Efsus Tarsusun başqa adıdır".


Bundan əlavə, Qazi əl-Beyzəvi, Ən-Nəsam, Əl-Cəlaleyn, Ət-Tibyan, Elmalılı, Ömər Nəsuhi Bilmən kimi alimlərin təfsirlərində hadisənin məhz Tarsusda baş verdiyi bildirilir. Həmçinin bütün adıçəkilən müfəssirlər (Quran təfsirçiləri) belə nəticəyə gəliblər ki, mağaraya giriş şimaldan olub. Belə qənaətin əsası isə "Kəhf" surəsinin 17-ci ayəsindəki sözlərə arxalanır: "Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin..." ("Kəhf" surəsi, 18/14-15).50


Məşhur mağaranın yerləşməsi məsələsi Osmanlı imperiyası dövründə də diqqəti cəlb edirdi və hələ keçən əsrdə bir sıra tədqiqatlar aparılmışdı.


Türkiyə Dövlət Arxivinin Osmanlı dövrü sənədləri bölümündə indiyə qədər bu mağaranın axtarışı ilə bağlı sənədlər saxlanılır. Məsələn, Tarsus şəhər administrasiyasının Bencalus dağındakı mağaranın təmizliyinə və qorunmasına cavabdeh olan insanlara ləvazimat verilməsi xahişi ilə Osmanlı dövləti xəzinə idarəsinin rəisinə ünvanlanmış məktubuna və bəyanatına cavabda bildirilir ki, dövlət xəzinəsinin tələb olunan ləvazimatı ödəməsi üçün bunu müəyyən etmək gərəkdir ki, xristin gənclərin gizləndiyi mağaranın yeri həqiqətənmi budur.


Osmanlı Məclisinin (Osmanlı imperiyasının bir növ parlament hakimiyyətinin orqanı) göstərişi ilə aparılmış tarixi tədqiqatların birinin yazılı yekununda belə deyilir: "Adana əyalətində Tarsus şəhərindən iki saatlıq şimal yolundakı dağda mağara yerləşir. Mağaraya giriş Quranda deyildiyi kimi, şimal tərəfdəndir".


Əshabi-Kəhfin şəxsiyyəti, həmçinin onların yaşayış yeri və zamanı tarixçiləri və bir çox düşünən insanları həqiqəti aydınlaşdırmağa həmişə sövq edib. Bu gün buna dair xeyli şərhlər deyilmişdir, ancaq buna baxmayaraq, onların heç biri bu epizodla bağlı suala tam cavab vermir. Mömin gənclərin yaşadığı dövr və mağaranın yeri ilə bağlı Quranda qeyd edilmiş əksər suallar hələ cavabsız qalır.

 



Məqalələr


Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir.

Bütün bibaşa efirləri, söhbət proqramlarını və sənədli filmləri buradan izləyə bilərsiz.
Kanalın tezlikləri:

TURKSAT 3A / 12524 VERTİCAL / 22500

Hörmətli Adnan Oktarın bütün əsərləri, əsərlərindən istifadə edilərək hazırlanmış filmlər və digər bütün məlumatları www.adnanoktar.az saytından izləyə bilərsiz.